Musa Qurbanlı İtaliya mətbuatının diqqət mərkəzində

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı cari mövsümdəki çıxışı və məhsuldardlığı ilə İtaliya mətbuatının diqqətini çəkib. Arena.az xəbər verir ki, bu ölkənin ünlü “Tuttomercatoweb” nəşri 20 yaşlı futbolçu ilə bağlı yazı hazırlayıb.

Məqalədə onun 20 qolla Azərbaycan Premyer Liqasının bombardiri olduğu və adını ölkənin futbol tarixinə yazdıracağı qeyd olunub. Onun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu olması da xüsusi vurğulanıb.

Sayt Musanı Azərbaycanın Xviça Kvaratsxeliyası (“Napoli”də forma geyinən gürcü futbolçu) adlandırıb. İtaliyalı həmkarlarımız bir çox klubun artıq Musa ilə yaxından maraqlandığını yazıblar. Qurbanlını istəyənlər arasında “Beşiktaş” və İtaliya təmsilçilərinin olduğu vurğulanıb.

Bundan başqa, Canni De Byazinin rəhbərliyi altında milli komandanın son 10 oyunun 5-də qələbə qazanması qeyd olunub. Bununla belə, sayt hesab edir ki, Avstriya (1:4) və İsveçə (0:5) məğlubiyyətlərdən sonra italiyalı mütəxəssislə yolların ayrılması mümkündür.

Xatırladaq ki, Musa Qurbanlı “Qarabağ”ın heyətində indiyə qədər 62 oyuna çıxıb. O, bu görüşlərdə 32 qol və 15 məsuldar ötürmə müəllifi olub. Gənc hücumçu daha öncə “Zirə”də də icarədə oynayıb və bu komandada 11 oyuna 2 qol vurub. Musa Azərbaycan milli komandasında da 6 oyuna 1 qolla yadda qalıb.

“Qarabağ”ın gənc forvardı bu mövsüm meydana çıxdığı 26 oyunda 20 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. Onun ən yaxın izləyicisi komanda yoldaşı Ramil Şeydayevdir – 17 qol. “Sabah”dan Coy Lens Mikels 15, “Neftçi”nin kapitanı Emin Mahmudov isə 14 qol vura bilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: