Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı forvard bu gün İsveç çempionatının 30-cu turu çərçivəsində baş tutan “Kalmar”la oyunun iştirakçısı olub.
“Yurqorden” sözügedən rəqiblə səfərdə qarşılaşıb. Üç qolun qeydə alındığı oyun futbolçumuzun komandasının məğlubiyyəti ilə yekunlaşıb – 1:2.
Musa bu görüşün 76-cı dəqiqəsində meydana buraxılıb. Onun meydana çıxmasından sonra komandası hesab arasındakı fərqi azaltsa da, bundan artığına gücləri və vaxtları çatmayıb.
Ardıcıl ikinci məğlubiyyətinə üzülən “Yurqorden” bu nəticədən sonra 50 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Musa Qurbanlı bu ilin iyul ayında “Qarabağ”dan “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 17 oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.


