Musa Qurbanlı oynadı, “Yurqorden” kubokda 2-ci qələbəyə sevindi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçunun komandası bu gün İsveç kubokunun 2024-cü il mövsümündə növbəti oyununu keçirib.

“Yurqorden” qrup mərhələsinin 2-ci turunda “Nordik Yunayted” komandası ilə üz-üzə gəlib. Səfərdə baş tutan oyun futbolçumuzun komandası üçün uğurlu alınıb. Musa və komanda yoldaşları yeni mövsümün ikinci matçında 5:0 hesablı qələbəyə seviniblər.

Musa bu görüşün ikinci hissəsində meydana buraxılıb. O, bu dəfə də 72-ci dəqiqədə Deniz Hümmeti əvəzləyib. Futbolçumuz sonuncu qolda fərqlənməyə yaxın olsa da, rəqib oyunçu özü avtoqol müəllifinə çevrilib.

Bu qələbədən sonra 4-cü qrupda yer almış “Yurqorden” 6 xalla 1-ci yerdə qərarlaşıb. “Göteborq” da 6 xal toplamasına rəğmən, 2-cidir. “Nordik Yunayted” və “Skovde AİK” ilk oyunlarını uduzduqları üçün xalsızdırlar. Futbolçumuzun komandası qrupdakı üçüncü və sonuncu oyununu martın 3-də evdə məhz “Göteborq”a qarşı keçirəcək. Qrup birincisi olacaq komanda kubokda növbəti mərhələyə vəsiqə qazanacaq.

Xatırladaq ki, “Yurqorden” qrup mərhələsinin ilk turunda “Skovde AİK” komandası ilə qarşılaşmış və 2:0 hesablı qələbəyə sevinmişdi. Musa həmin görüşdə də 72-ci dəqiqədə məhz Deniz Hümmeti əvəzləmişdi.

Musa Qurbanlı 2023-cü ilin iyul ayında “Qarabağ”dan 500 min avro müqabilində “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 19 rəsmi oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

İsveç çempionatında mövsümə ötən ilin noyabr ayında yekun vurulub. “Yurqorden” 4-cü yeri tutub. Yeni mövsümə isə bu il martın 31-də start veriləcək.