Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçunun komandası bu gün İsveç kubokunun 2024-cü il mövsümündə ilk oyununu keçirib.
“Yurqorden” startda “Skovde AİK” komandası ilə üz-üzə gəlib. Doğma meydanda baş tutan oyun futbolçumuzun komandası üçün uğurlu alınıb. Musa və komanda yoldaşları yeni mövsümün ilk matçında 2:0 hesablı qələbəyə seviniblər.
Musa bu görüşün ikinci hissəsində meydana buraxılıb. O, 72-ci dəqiqədə Deniz Hümmeti əvəzləyib.
Bu qələbədən sonra 4-cü qrupda yer almış “Yurqorden” 3 xalla 1-ci yerdə qərarlaşıb. “Göteborq” da 3 xal toplamasına rəğmən, 2-cidir. “Nordik Yunayted” və “Skovde AİK” ilk oyunlarını uduzduqları üçün xalsızdırlar.
Xatırladaq ki, Musa Qurbanlı 2023-cü ilin iyul ayında “Qarabağ”dan 500 min avro müqabilində “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 18 rəsmi oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.
İsveç çempionatında mövsümə ötən ilin noyabr ayında yekun vurulub. “Yurqorden” 4-cü yeri tutub. Yeni mövsümə isə bu il martın 31-də start veriləcək. Həmin vaxta kimi Musanın komandasını İsveç Kubokunun qrup mərhələsi çərçivəsində daha 2 oyun gözləyir.


