Musa Qurbanlı Premyer Liqada 50-ci oyununu keçirdi

“Qarabağ”ın gənc hücumçusu Musa Qurbanlı futbol üzrə Azərbaycan çempionatında 50-ci oyununu keçirib. Arena.az xəbər verir ki, milli komandamızın da üzvü olan futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 24-cü turuna təsadüf edib.

21 yaşlı futbolçu üçün “Neftçi” ilə ev matçı əlamətdar olub. O, 1:1 hesabıyla bitən yubiley matçına start heyətdə başlayıb və 66-cı dəqiqədə əvəzlənib.

Musa Qurbanlı Premyer Liqadakı 50 oyunda 26 qol vurub. Onun orta məhsuldarlığı 0,52-yə bərabərdir. Hücumçu ölkə çempionatında iki komandanın şərəfini qoruyub. “Qarabağ”da 41 görüşdə 25 dəfə fərqlənən forvard “Zirə”dəki 9 qarşılaşmada da 1 dəfə qol sevinci yaşayıb.

Xatırladaq ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu olan Musanın Premyer Liqada debütü 2020-ci il sentyabrın 25-də gerçəkləşib. O, “Qarabağ” forması ilə “Sumqayıt”la səfər görüşündə (2:2) şans qazanıb.