Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın gənc hücumçusu Musa Qurbanlı 2022/23 mövsümündə 16-cı qolunu vurub. Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində baş tutan “Sabah”la ev görüşündə fərqlənib.
O, 1:1 hesabı ilə başa çatan qarşılaşmanın 18-ci dəqiqəsində rəqib qapısına yol tapıb. 75-ci dəqiqədə bu üstünlüyünü əldən verən komandası isə yekunda 1 xalla kifayətlənməli olub.
Musa bununla da Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb. O, bir mövsümdə ən çox qol vuran 21 yaşadək futbolçu adına yiyələnib.
Qurbanlıya qədər bu rekord 15 qola bərabər idi. 1998/99 mövsümündə “Dinamo”nun hücumçusu Fərrux İsmayılov 15 qola imza atıb. 2005/06 mövsümündə “Şahdağ”ın nigeriyalı legioneri Əhməd Ticani də eyni sayda fərqlənib. Bu rekordu əvvəlki turda təkrarlayan Musa “Sabah”la görüşdə mütləq rekordçuya çevrilib.
Bu qol həm də forvardın “Qarabağ”ın heyətində yubiley qolu olub. Musa Ağdam klubunun forması ilə Premyer Liqada 25-ci dəfə fərqlənib.
Xatırladaq ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu olan Musa Qurbanlı Ağdam təmsilçisində indiyə qədər bütövlükdə 53 oyuna çıxıb. O, bu oyunlarda 28 qol vurub və 12 məhsuldar ötürmə müəllifi olub.