Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı ötən gecə Monqolustan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, İsveçin “Yurqorden” klubunda çıxış edən futbolçu “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Bakıda baş tutan və 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
– Rəqibə ciddi yanaşırdıq. FİFA reytinqində bizdən aşağı olsalar da, oyunun asan keçməcəyini bilirdik. Belə də oldu. Bu cür matçlar ağır keçir. Çünki rəqib tam heyətlə müdafiə olunur. Nə qədər ağır olsa da, qələbə qazandıq. Rəqib 11 nəfərlə müdafiə olunurdu. Bu cür müdafiəni yarmaq asan deyil.
– Millimiz Monqolustanla matçda qələbə qazanmaq üçün həddindən artıq güc itirdi…
– Bəli, həqiqətən çox güc itirdik. Bu cür matçlarda erkən qol vurmadınsa, rəqibin özünəinamı artır, müdafiəyə daha çox qapanır. Ona görə mütləq erkən qol vurmaq lazımdır.
– “Yurqorden”də işləriniz necə gedir? Son oyunlar əsas heyətə düşməkdə çətinlik çəkirsiniz…
– İşlərim pis deyil. Düzdür, qeyd etdiyiniz kimi, son oyunlarda az oynayıram. Amma 21 yaşım var. İnanıram ki, tezliklə hər şey daha yaxşı olacaq. “Yurqorden” İsveçin ən böyük klublarından biridir. İlk vaxtlarda daha çox oynayırdım. İstənilən halda bunların hamısı mənim üçün təcrübədir. Nə qədər çətinlik olsa da, çalışıram ki, həvəsdən düşməyim.
– “Yurqorden”in İsveç kubokunu qazanmaq şansını necə görürsünüz?
– Artıq finaldayıq. Həlledici qarşılaşmada “Malmö” ilə oynayacağılq. Rəqib çox güclüdür. “Malmö” həm son çempiondur, həm də heyətini ötən mövsümlə müqayisədə daha da gücləndirib. Lakin biz də güclənmişik. Şansları bərabər sayıram. Ümid edirəm ki, finalda qalib gəlib, İsveçdə ilk titulumu qazanacağam.
– Azərbaycan və İsveç arasında fərqlər çoxdur. İstər mentalitet baxımından olsun, istərsə də iqlim. Məhz bu amillərə görə sizin klub seçimində yanlışlığa yol verdiyinizi düşünənlər var. Bu cür fikirlərə münasibətiniz necədir?
– Bəzən mənim də ağlıma bu cür fikirlər gəlir. Arada düşünürəm ki, bəlkə səhv seçim etmişəm. Bu seçimim nə dərəcədə doğru olduğunu gələcəkdə biləcəyik. İstənilən halda peşman deyiləm.
“Atam üçün ən xeyirlisi nədirsə, onun olmasını istərdim”
– “Qarabağ”ın cari mövsümdəki çıxışını necə dəyərləndirirsiniz?
– “Qarabağ”ın oyunlarını izləyirəm. Komandanın uğurları məni də sevindirir. Xaricdə yaşayan azərbaycanlı kimi sabiq klubumla fəxr edirəm. “Qarabağ”ın qazandığı uğurlara əcnəbilərin reaksiyasını görmək çox xoşdur. Onlar yaxşı mənada təəccüblənirlər, “Qarabağ”a hörmət edirlər. Həm “Qarabağ”, həm sabiq komanda yoldaşlarım, həm də atamın adına çox sevinirəm.
– “Qarabağ”ın Avroliqadakı çıxışını izləyərkən düşünmədiniz ki, kaş daha 1 il də komandada qalardım…
– Heyətdə hazırda kifayət qədər yaxşı oyunçular var. Burda oynadığım üçün “Qarabağ” daim ürəyimdədir. Avroliqadakı matçlarda hər bir futbolçu istəyər ki, çıxış etsin. Amma qərarımı vermişəm. Hərənin öz yolu var, həm həyatda, həm də futbolda.
– Bu yaxınlarda Qurban Qurbanov belə bir fikir səsləndirdi ki, “Qarabağ”dan gedən futbolçular əksər hallarda yeni klubda parlaq çıxışla yadda qalmırlar. Ağdam klubunun sabiq futbolçusu kimi bu fikirlə razısınız?
– “Qarabağ” elə bir klubdur ki, orada sən işinə məsuliyyətlə yanaşırsansa, çox çalışırsansa, uğurlu olacaqsan. “Qarabağ” həqiqətən də fərqli komandadır. Bunu sözlə ifadə etmək çətindir.
– Azarkeşlər Qurban Qurbanovu yenidən milli komandada görmək istəyirlər. Musa Qurbanlı da onların fikirləri ilə razılaşır?
– Atam üçün ən yaxşısı, xeyirlisi nədirsə, onun da olmasını istərdim. O, ilk növbədə mənim atamdır. Harada işləməyi önəmli deyil. Əsas odur ki, işi uğurlu alınsın. Allah onun üçün hansını xeyirli bilirsə, o da olsun.
– Qurban Qurbanovun adı Avropada klubları ilə birgə hallanır. Həmin xəbərləri oxuyanda hansı hissləri keçirirsən?
– Əlbəttə, xoş hisslərdir. Fəxr edirəm ki, Avropada bu adı tanıyırlar, hörmət edirlər.


