Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı uzun illərdir formasını geyindiyi “Qarabağ”dan ayrılıb.
Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Ağdam klubuna sosial şəbəkə hesabı vasitəsilə yaydığı bu paylaşımla vida edib:
“Əziz və dəyərli, “Qarabağ” ailəsi!
Mənə ilk gündən doğma olan, həyatımın ayrılmaz parçası halına gəlmiş klubumdan karyeramda yeni səhifə açmaq üçün ayrılıram. Lap uşaqlıqdan bu gözəl ailənin içində oyunları böyük heyranlıqla izləyərək, bir gün meydanda olmaq xəyalı ilə böyümüşəm. Çox şükür, bu arzumu həyata keçirmək mənə nəsib oldu! Karyeramın ilklərini, ən gözəl anlarını burada yaşadım, unudulmaz və dəyərli dostlar, xatirələr, təcrübə qazandım. Amma yeni çağırışların arxasınca getmək və ölkəmizi xaricdə layiqincə təmsil etmək vaxtıdır. İlk növbədə, daim mənə dayaq olan atama və ailəmə, futbolçu və insan kimi yetişməyimdə əməyi olan hər kəsə, rəhbərliyimizə, məşqçilərimizə, tibbi heyətimizə, keçmiş və indiki komanda yoldaşlarıma, bazamızda bizim üçün zəhmət çəkən bütün işçilərə və məni ilk gündən dəstəkləyən bütün azarkeşlərimizə sonsuz minnətdaram.
Həmçinin üzərimdə böyük əziyyəti olan “Neftçi”yə, akademiyadaki məşqçilərimə, karyeramda çox önəmli yeri olmuş “Zirə” və həmişə mənə hədsiz dəstəyini əsirgəməyən məşqçim Rəşad Sadıqova dərin təşəkkürlərimi bildirirəm.
Əziz və dəyərli, “Qarabağ” ailəsi! “Qarabağ” bir futbol klubundan çox daha artıqdır. “Qarabağ” bir ailə, məktəbdir. Haqqınızı halal edin, hamınız üçün darıxacağam. Görüşənədək”.
Xatırladaq ki, Musanın İsveçin “Yurqorden” klubuna transferi demək olar ki, tamamlanıb. Sözügedən klubun bu transferi ən qısa zamanda açıqlaması gözlənilir.
Musa Qurbanlı “Qarabağ”ın heyətində indiyə qədər 68 oyuna çıxıb. O, bu görüşlərdə 33 qol və 15 məsuldar ötürmə müəllifi olub. Gənc hücumçu daha öncə “Zirə”də də icarədə oynayıb və bu komandada 11 oyuna 2 qol vurub. Musa Azərbaycan milli komandasında da 7 oyuna çıxıb, 1 qolla yadda qalıb.
Sonda onu da qeyd edək ki, Musa “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.


