Musa Qurbanlı: “Topu qapıdan keçirə bilmədiyim üçün şokdayam”

“Yurqorden”in azərbaycanlı hücumçusu Musa Qurbanlı İsveç çempionatının 23-cü turunda “Varnamo”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası doğma meydanda qarşılaşdığı bu rəqibə 1:2 hesabıyla uduzub.

Start heyətdə meydana çıxan Musa sonadək mübarizə aparıb. Azərbaycanlı futbolçu oyunun 58-ci dəqiqəsində boş qapını dəqiq nişan ala bilməməsi ilə diqqət mərkəzinə düşüb. Oyundan sonra o, həmin epizodla bağlı yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Həmin epizodda topu qapıdan keçirə bilmədiyim üçün şokdayam. Top qapıdan necə keçmədi, başa düşə bilmirəm. Amma futbolda belə hallar olur. Mübarizəni davam etdirməliyəm. Fikrimcə, bu qarşılaşmada qələbə qazanmalı idik. Məğlubiyyətə layiq deyildik. İkinci hissəni çox yaxşı keçirdik, qol imkanları yaratdıq. Mənim də bir neçə şansım oldu. Matçı çevirə bilərdik, təəssüf ki, alınmadı”.

Qurbanlı sentyabrın 24-də AİK-ə qarşı keçirəcəkləri növbəti tur matçına daha yaxşı hazırlaşacaqlarını vurğulayıb: “Bizim üçün çətin axşam oldu. Lakin bunu unudub, AİK-lə derbini gözləyəcəyik. Çempionatda komandalar bir-birilərinə yaxındırlar. Mövsümün sonuna qədər mübarizəmizi davam etdirəcəyik”.

Qeyd edək ki, “Yurqorden” hazırda 40 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xatırladaq ki, Musa Qurbanlı bu ilin iyul ayında “Qarabağ”dan “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 10 oyuna çıxıb və 3 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: