Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı forvard İsveç çempionatının 17-ci turu çərçivəsində baş tutan “Myalbü” ilə oyunun iştirakçısı olub.
Sözügedən rəqiblə görüş səfərdə baş tutub. Futbolçumuzun komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb. “Yurqorden” qələbə qolunu 22-ci dəqiqədə vurub.
Musa bu görüşün 72-ci dəqiqəsində meydana buraxılıb. O, qol vurmaq şanslarının olmasına baxmayaraq, bu oyunda da fərqlənə bilməyib.
“Yurqorden” bu nəticədən sonra 33 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Musa Qurbanlı bu ayın əvvəlində “Qarabağ”dan “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.


