Musa Qurbanlı yenidən “Qarabağ”da – Rəsmi

Futbol üzrə Azərbaycan millisinin və İsveçin “Yurqorden” klubunun hücumçusu Musa Qurbanlı yenidən “Qarabağ”a qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qarabağ” bu gün yeni mövsüm üçün ikinci transferini reallaşdırıb. Ağdam klubu gənc hücumçu Musa Qurbanlını heyətinə cəlb edib.

“Qarabağ”la 22 yaşlı forvard arasında 3 illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər Azərbaycan çempionunun heyətində çıxış edəcək.

Xatırldaq ki, Musa Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-2020-ci illərdə bu komandanın formasını geyinib. Forvard 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan Ağdam klubunun uğurları üçün çalışan Musa 2023-cü ilin yayında “Qarabağ”dan İsveç klubuna transfer edilib. Onun “Yurqorden”lə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var idi. Bu üzdən Ağdam klubunun Musanı heyətinə qatmaq üçün təzminat ödəyib-ödəmədiyi maraq doğurur.

Musa “Yurqorden”ə 21 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu mövsüm əsas heyətə düşə bilmədiyi üçün İsveç klubundan ayrılması gündəmdə idi.

“Zirə”də 11 oyuna 2 qol vurmuş Qurbanlı vaxtilə “Qarabağ”da 68 oyun keçirib. O, bu oyunlarda 33 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Musa Qurbanlı 2010-cu ilin noyabr ayında debüt etdiyi Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.

“Qarabağ” bu yay Musadan öncə qapıçı Fabiyan Buntiçi heyətinə qatdığını açıqlamışdı. Adama Diakabi, Maksim Medvedev (karyerasını bitirib), Andrey Lunyov və Nihad Quliyevlə (“Səbail”) vidalaşan Ağdam klubu, Rüstəm Əhmədzadə ilə İsmayıl İbrahimlini də “Zirə”yə icarəyə verib. Bəhlul Mustafazadə, Nəriman Axundzadə və Riçard Almeyda ilə də yeni müqavilə imzalanıb.