Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı bu yay İsveçin “Yurqorden” klubundan ayrıla bilər.
Arena.az xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 22 yaşlı forvard İsveç klubunda öz gələcəyini görmür. Qurbanlı “İnstaqram” səhifəsində Stokholm təmsilçisini izləmədən çıxarıb. O, “Yurqorden”də oynaması ilə bağlı məlumatları silib. Bu da artıq komandada qalmaq istəmədiyindən xəbər verir.
Bu arada “Yurqorden”in idman direktoru Bosse Andersson Musa Qurbanlının komandadakı durumuna münasibətini açıqlayıb. İsveçli mütəxəssis yerli mətbuata açıqlamasında azərbaycanlı hücumçunun “Qarabağ”a dönəcəyi ilə bağlı yayılan məlumata reaksiya bildirərkən gənc forvardla bağlı belə bir planlarının olmadığını deyib:
“Hazırda “transfer pəncərəsi” bağlıdır. Müzakirələrimiz yoxdur, amma Azərbaycanda onu izləyən çoxlu media var. Musa ayrılmaq istədiyini bizə deməyib. Onunla yaxşı dialoqumuz var. Təbii ki, bir futbolçu kimi oynamasan, məyus olursan. Musa da matçlarda iştirak etmədiyi üçün məyusdur”.
Xatırladaq ki, Musa Qurbanlı “Yurqorden”ə 2023-cü ilin iyul ayında “Qarabağ”dan 500 min avro müqabilində keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 20 rəsmi oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.
Cari mövsümdə isə “Yurqorden”in məşqçilər heyəti Musa Qurbanlı elə də çox şans vermirlər. İsveç çempionatının geridə qalmış 4 turunda cəmi bir oyuna çıxmış azərbaycanlı forvardın adı son iki matçın iştirak ərizəsinə də daxil edilməyib. Bu isə Musanın İsveç klubundan ayrılmağa hazırlaşdığı barədə xəbərlərin yayılmasına rəvac verib.