Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Musa Qurbanlı karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Arena.az-ın əldə etdiyi məlumata görə, gənc forvardla qardaş ölkənin elita təmsilçilərindən olan “Kasımpaşa” ciddi maraqlanır.
Sözügedən klub indilik “Qarabağ”a rəsmi təklif göndərməsə də, cari mövsümün sonunda bunun baş vermək ehtimalı yüksəkdir. Hazırda Super Liqada 37 xalla 13-cü pillədə qərarlaşan İstanbul təmsilçisi bu yay hücum xəttini qol duyumu yüksək olan forvardla gücləndirməkdə israrlıdır. Çempionatda 39 dəfə rəqib qapılarına yol tapan komandanın qol epizodlarını reallaşdırmaqla bağlı problemləri Türkiyə mətbuatında da tez-tez müzakirə olunur.
“Kasımpaşa”nın baş məşqçisi sabiq “Qalatasaray”lı Selçuk İnandır.
Xatırladaq ki, Musa Qurbanlı “Qarabağ”ın heyətində indiyə qədər 66 oyuna çıxıb. O, bu görüşlərdə 32 qol və 15 məsuldar ötürmə müəllifi olub. Gənc hücumçu daha öncə “Zirə”də də icarədə oynayıb və bu komandada 11 oyuna 2 qol vurub. Musa Azərbaycan milli komandasında da 6 oyuna 1 qolla yadda qalıb.
“Qarabağ”ın gənc forvardı bu mövsüm meydana çıxdığı 36 oyunda 22 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
Qurbanlının “Qarabağ”la müddəti 2026-cı ilin yayına qədər olan müqaviləsi var. Bu üzdən onu transfer etmək istəyən klub Ağdam təmsilçisinin tələb etdiyi məbləği də ödəməli olacaq.