Musa Qurbanlının komanda yoldaşı “Tottenhem”ə satıldı – Rəsmi

Azərbaycanlı futbolçu Musa Qurbanlının İsveçin “Yurqorden” klubundakı komanda yoldaşı Lukas Berqvall “Tottenhem”ə satılıb.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verib.

18 yaşlı yarımmüdafiəçi London təmsilçisi ilə 5 illik müqavilə bağlayıb. Bu transfer “Yurqorden”ə 10 milyon avro qazandıracaq. Razılığa əsasən, isveçli orta sahə oyunçusu cari mövsümün sonunda “Tottenhem”ə qoşulacaq. Həmin vaxta kimi o, “Yurqorden”də forma geyinməyə davam edəcək.

Xatırladaq ki, Berqvall daha öncə İspaniya nəhəngi “Barselona” ilə anlaşmışdı. Lakin o, kataloniyalıların baş məşqçisi Xavi Ernandesin yayda bu komandadan ayrılacağını açıqlamasından sonra fikrini dəyişib.

Lukas Berqvall İsveçin “Brommapoykarna” klubunun yetirməsidir. O, 2023-cü ilin fevral ayında 900 min avro qarşılığında “Yurqorden”ə keçmişdi. Mərkəz yarımmüdafiəçisi “Yurqorden”in heyətində 29 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Daha öncə İsveçin U-17, U-19 və U-21 yığmalarında da oynamış Berqvall, bu il ölkəsinin əsas millisində də debüt matçına çıxıb. O, yanvar ayında Estoniyaya 2:1 hesabıyla qalib gəldikləri görüşdə 31 dəqiqə meydanda olub.

“Tottenhem” argentinalı hücumçusu Alexo Velisi də İspaniyanın “Sevilya” klubuna icarəyə göndərib. 20 yaşlı futbolçu bu mövsümün sonuna kimi La Liqa təmsilçisinin formasını geyinəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Alexo Velis Argentinanın “Rosario Sentral” klubunun yetirməsidir. Londonlular onu 2023-cü ilin avqustunda 15 milyon avroya transfer ediblər. Gənc hücumçu İngiltərə klubunun heyətində 8 oyuna çıxıb, 1 qola imza atıb. O, Argentinanın U-20 yığmasında da 9 oyuna 3 qol vurub.

“Sevilya” da mərkəz müdafiəçisi Federiko Qattonini Belçikanın “Anderlext” klubuna icarəyə verib. İtaliya vətəndaşlığı da olan argentinalı futbolçu mövsümün sonuna kimi icarədə çıxış edəcək. Satınalma nəzərdə tutulmayıb.

Argentinanın “San Lorenso” klubunun yetirməsi “Sevilya”ya 2023-cü ilin yanvarında 1,4 milyon avro qarşılığında keçib. 24 yaşlı müdafiəçi La Liqa təmsilçisinin heyətində cəmi 4 oyuna çıxıb və 1 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: