Musa Qurbanlının komandası 0:3 uduzduğu matçı xilas etdi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının komandası “Yurqorden” İsveç çempioatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda 2024-cü il mövsümünün 2-ci turu çərçivəsində bu gün “Hakken”lə qarşılaşıb.

“Yurqorden” sözügedən rəqiblə doğma meydanda qarşılaşıb. Altı qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib – 3:3.

Musa Qurbanlının komandası 23, 58 və 64-cü dəqiqələrdə buraxılan qollarla 0:3 hesablı məğlub duruma düşsə də, yekunda oyunu xilas etməyi bacarıb. Belə ki, 87 və 89-cu dəqiqələrdə Tokmaç Nquenin vurduğu qollar sayəsində meydan sahibləri fərqi minimuma endiriblər. 90+4-cü dəqiqədə isə Markus Danielson penaltini dəqiq yerinə yetirməklə matçın yekun nəticəsini müəyyənləşdirib.

Musa bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Yurqorden” bu nəticədən sonra 4 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Musa Qurbanlı 2023-cü ilin iyul ayında “Qarabağ”dan 500 min avro müqabilində “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 20 rəsmi oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.