Musa Qurbanlının komandası İsveç kubokunun finalında!

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” İsveç Kubokunda növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçunun komandası bu gün yarımfinal görüşündə AİK-lə üz-üzə gəlib.

“Yurqorden” səfərdə baş tutan bu oyunun 14-cü dəqiqəsində hesabı açıb. Meydan sahibləri məğlubiyyətdən 90+6-cı dəqiqədə xilas olublar. Əsas vaxt 1:1 hesabıyla bitdiyi üçün oyun daha yarım saat davam edib. Amma tərəflər əlavə vaxtda fərqlənə bilməyiblər. Belədə qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Musa Qurbanlının komandası 3:2 hesabıyla qalib gəlib.

Musa bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Xatırladaq ki, “Yurqorden” İsveç kubokunun finalında “Malmö” ilə qarşılaşıb. Hansı ki, sözügedən komanda yarımfinalda “Halmştadt”ı səfərdə 4:0 hesabıyla məğlub edərək həlledici oyuna vəsiqə qazanıb. Final qarşılaşması mayın 9-da keçiriləcək.

Musa Qurbanlı 2023-cü ilin iyul ayında “Qarabağ”dan 500 min avro müqabilində “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 19 rəsmi oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub. Ötən mövsüm Qurbanlı mütəmadi forma şansı qazansa da, 2024-cü ildə baş tutan kubok qarşılaşmalarında məşqçilər korpusu ona az şans verirlər.

İsveç çempionatında mövsümə ötən ilin noyabr ayında yekun vurulub. “Yurqorden” 4-cü yeri tutub. Yeni mövsümə isə bu il martın 31-də start veriləcək.