Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” İsveç Kubokunda növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçunun komandası bu gün qrup mərhələsindəki sonuncu və həlledici oyununu keçirib.
“Yurqorden” doğma meydanda “Göteborq”la qarşılaşıb. Əvvəlki iki turda qələbə qazanmış bu komandaların duelində qalib gələn tərəf növbəti mərhələyə vəsiqə qazanacaqdı. Yekunda sevinən tərəf Musa Qurbanlının komandası olub. Rəqibini 3 cavabsız qolla məğlub edən “Yurqorden” maksimum nəticə (9 xalla) ilə qrup lideri olub – 3:0.
Musa bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Xatırladaq ki, “Yurqorden” İsveç kubokunun qrup mərhələsində daha öncə “Skovde AİK” (2:0) və “Nordik Yunayted”ə 5:0 də qalib gəlmişdi. Qurbanlı əvvəlki oyunlarda sonradan da olsa, meydana buraxılmışdı.
Musa Qurbanlı 2023-cü ilin iyul ayında “Qarabağ”dan 500 min avro müqabilində “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 19 rəsmi oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.
İsveç çempionatında mövsümə ötən ilin noyabr ayında yekun vurulub. “Yurqorden” 4-cü yeri tutub. Yeni mövsümə isə bu il martın 31-də start veriləcək.