Mussolininin nəticəsi “Latsio” ilə müqavilə imzaladı

İtaliyanın “Latsio” klubu heyətinə yeni futbolçu cəlb edib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Benito Mussolininin nəticəsi Romano Mussolinini heyətinə qatıb.

18 yaşlı müdafiəçi “Latsio”nun gənclərdən ibarət komandasında oynayacaq. O, sağ cinah müdafiəçisi mövqeyində çıxış edir.

Qeyd edək ki, İtaliya mənşəli siyasətçi, faşist partiyasının başçısı, diktator Benito Mussolini 1922-1943-cü illər aralığında İtaliyaya rəhbərlik edib. İtaliyada “Latsio” klubuna azarkeşlik edənlərin böyük əksəriyyəti Mussolini tərəfdarı kimi tanınsalar da, Benitonun “Bolonya”ya sevgisi bitib-tükənməz idi. Təsadüfi deyil ki, adıçəkilən komanda A Seriyasında qazandığı 6 çempionluq titulundan 4-nə məhz Mussolinin hakimiyyəti dövründə yiyələnib.