Mustafa Dalcı – azərbaycanlı futbolçuların yeni baş məşqçisi

Türkiyəli futbol mütəxəssisi Mustafa Dalcı Birinci Liqa təmsilçisi “Ankaragücü” komandasına baş məşqçi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

51 yaşlı mütəxəssislə müqavilə bu mövsümün sonuna qədər nəzərdə tutulub. O, bu gün qovulmuş Kemal Özdeşi əvəz edib.

Dalcı “Ankaragücü” üçün tanış məşqçidir. O, daha öncə 2020-ci ildə bu klubda köməkçi məşqçi kimi çalışıb. 2020/2021 mövsümündə bu komandanı müvəqqəti baş məşqçi kimi çalışdırmış mütəxəssisin 2021-ci ildə baş məşqçi təyin edildiyi açıqlanıb. Ankara təmsilçisi daha sonra Dalcını 2021/2022 mövsümündə də baş məşqçi postuna gətirmiş, lakin elə həmin mövsüm vidalaşmışdı. Tərəflərin budəfəki işbirliyinin nə qədər davam edəcəyi maraq doğurur.

Mustafa Dalcı son olaraq “Sakaryaspor”a rəhbərlik edib. O, daha öncə “Bayrampaşa”, “Küçükçekme”, “İstanbulspor”, “Kahramanmaraşspor”, “Mamak”, “Ankaraspor”, “Zonquldak Kömürspor”, “İstanbulspor”, “Gənclərbirliyi”, “Manisa” və “Adana Dəmirspor” kimi komandalara da çalışdırıb.

“Ankaragücü” klubunda iki azərbaycanlı futbolçu forma geyinir. Bunlardan biri Azərbaycan millisinin hücumçusu Renat Dadaşov, digəri isə yeniyetmə futbolçu Həsən Nəzərovdur.

Bu gün istefaya göndərilmiş Kemal Özdeşin gəlişindən sonra azərbaycanlı futbolçuların heyətə düşməsi çətinləşmişdi. Hətta paytaxt təmsilçisi baş məşqçinin istəyinə əsasən, Renatı əsas heyətdən kənarlaşdırmışdı. Klubun azərbaycanlı forvardı transferə çıxardığı barədə məlumatlar da yayılmışdı. Amma Özdeşin yeni baş məşqçinin gəlişindən sonra Renatla bağlı qərarın da dəyişməsi istisna edilmir. Həsən Nəzərov isə əvvəlki baş məşqçinin dövründə ümumiyyətlə şans qazanmayıb.

Kemal Özdeş 2024-cü ilin dekabr ayının 27-də Ankara təmsilçisinin baş məşqçisi təyin edilmişdi. O, bu komandanı cəmi 8 oyuna çıxarıb, 2 qələbə, 1 heç-heçə və 5 məğlubiyyət görüb.

“Ankaragücü” Birinci Liqanın yarış cədvəlində 30 xalla 14-cü sırada yer alıb.

Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 17 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 5 oyun keçirib.