Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Aleksandriya” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 16-cı turu çərçivəsində baş tutan “Dnepr-1” ilə oyunun iştirakçısı olub.
Sözügedən kollektiv çempionatın vahid lideri olan bu rəqiblə doğma meydanda qarşılaşıb. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib – 2:2.
Emil Mustafayev bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının əzmkar heç-heçəsində Emilin də böyük xidmətləri olub. Belə ki, “Aleksandriya”nın hər iki qolunu azərbaycanlı futbolçu vurub. O, 31 və 88-ci dəqiqələrdə fərqlənib.
Xatırladaq ki, Emil bundan əvvəlki “Metallist 1925” ilə oyunda da (3:3) iki məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşmüşdü.
“Aleksandriya” bu mövsüm keçirdiyi 15 oyunda 26 xal toplayıb. Komanda hazırda 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Emil isə cari mövsümdə meydana çıxdığı 4 oyunda 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.