“Mançester Yunayted” rəhbərləri ümumi iclasdan sonra komandanın baş məşqçisi Erik ten Haqın gələcəyi ilə bağlı qərar verməyiblər.
Arena.az bu barədə “The Guardian” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, niderlandlı mütəxəssisin klubdakı gələcək fəaliyyəti ilə bağlı dəqiq qərarın olmamasına rəğmən, “qırmızı şeytanlar”ın son nəticələri mənzərəsində Erik ten Haqın yaxın günlərdə qovulması ehtimalı qalmaqdadır.
7 turdan 8 xal toplamış “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 14-cü pillədə qərarlaşıb. “Qırmızı şeytanlar” heç cür özlərinə gələ bilmirlər və bu Ten Haqın adı ətrafında istefa xəbərlərinin dolaşması ilə nəticələnir.
Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Ten Haq “qırmızı şeytanlar”ı indiyə qədər 125 oyuna çıxarıb, 71 qələbə, 19 heç-heçə, 35 məğlubiyyət yaşayıb. Topların fərqi isə 230:176 nisbətindədir.
Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.
Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”la İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.