Futbol üzrə Qvineya yığmasının və “Liverpul”un sabiq futbolçusu Nəbi Keyta bundan sonra Macarıstanda çıxış edəcək.
Arena.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Macarıstanın “Ferensvaroş” klubuna keçib.
Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. “Ferentsvaroş” Keytanın “Verder”dən icarəyə götürüldüyünü açıqlayıb. 2025-ci ilin yanvarından yeni klubunda çıxış edəcək qvineyalının anlaşması bir il müddətinə (2025-ci ilin 31 dekabrına qədər) nəzərdə tutulub.
Xatırladaq ki, bu ilin aprelində Bremen “Verder”i Nəbi Keytaya münasibətdə intizam və cəza tədbiri tətbiq edib. O, uzun müddətə komandanın heyətindən kənarlaşdırılıb. Bunun səbəbi qvineyalı futbolçunun ötən mövsüm Bundesliqanın 29-cu turunun “Bayer”lə ev oyununa (0:5) əsas heyətdə daxil edilmədiyini öyrəndikdən sonra, oyuna çıxmaqdan imtinası səbəb olub.
Nəbi Keyta “Verder”ə 2023-cü ilin iyulunda “Liverpul”dan azad agent qismində keçib. Qvineyalı futbolçunun Bremen təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
2023/2024-cü illər mövsümündə Keyta “Verder”in heyətində bütün yarışlarda 5 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Keyta “Liverpul” və “Verder”dən əlavə “Zalsburq”, “Leypsiq” və “İstr” kimi klublarda da forma geyinib. O, xüsusilə “Liverpul”un heyətində çoxsaylı titullara sahib çıxıb.
Nəbi Keyta 2014-cü ilin may ayında debüt etdiyi Qvineya yığmasının heyətində 56 oyuna çıxıb, 11 qol vurub, 4 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 29 yaşlı qvineyalı mərkəz yarımmüdafiəçisi Nəbi Keytanın transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.




