Nəbi Keyta rəsmən “Verder”də! – Vernerlə yeni müqavilə

2022/2023 mövsümü bitən kimi İngiltərənin “Liverpul” klubundan ayrılan Nəbi Keyta karyerasını Almaniyada davam etdirəcək.

Arena.az xəbər verir ki, qvineyalı yarımmüdafiəçi bu ölkənin “Verder” klubu ilə razılığa gəlib.

Bu barədə Bundesliqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Nəbi Keyta “Liverpul”a 2018-ci ildə Almaniyanın digər klubu “Leypsiq”dən 60 milyon avro qarşılığında keçmişdi. O, İngiltərə nəhənginin heyətində bütövlükdə 129 oyuna çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 11 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Nəbi daha öncə “Zalsburq” (81 oyun, 20 qol, 11 assist), “Leypsiq” (71 oyun, 17 qol, 15 assist) və “İstr” (24 oyun, 4 qol, 9 assist) kimi klublarda da oynayıb. O, Qvineya milli komandasında da 52 oyuna çıxıb, 12 qol vurub.

Yeri gəlmişkən, “Verder” baş məşqçisi Ole Vernerlə də yeni müqavilə imzalandığını açıqlayıb. 35 yaşlı mütəxəssis ən azı 2026-cı ilə qədər bu komandanı çalışdırmağa davam edəcək.

Ole Verner 2021-ci ilin noyabr ayından “Verder”ə rəhbərlik edir. O, bu komandanı indiyə kimi 55 oyuna çıxarıb. Verderlilər bu görüşlərdə 24 qələbə qazanıb, 10 heç-heçə edib, 21 məğlubiyyətə üzülüblər. Gənc mütəxəssis daha öncə “Holştayn Kil”ə də rəhbərlik edib.

“Verder” Bundesliqada geridə qalan mövsümü 36 xalla 13-cü pillədə başa vurub. 34 oyunda 10 qələbə qazanıb, 6 heç-heçə etmiş komanda, 18 görüşdə də məğlubiyyətə üzülüb.