Nərgiz İsmayılova ÇL-in 1/4 final oyununa təyinat aldı

Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova Çempionlar Liqasının oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Avropa Voleybol Konfederasiyasının Avrokuboklar Komissiyasının üzvü olan həmyerlimiz qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final matçında iş başında olacaq. Nərgiz İsmayılova LKS (Lodz, Polşa) və “Alyans Vero Volley Milano” (İtaliya) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qarşılaşmanın hakimləri ukraynalı Mixaylo Medvid və rumıniyalı Boqdan Laurentiu Stoitsa olacaq.

Qeyd edək ki, bu görüş fevralın 20-də baş tutacaq.