Nəriman Abbasov Avropa çempionuna nokautla qalib gəldi – VİDEO

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti döyüşünü keçirib.

Arena.az xəbər verir , 27 yaşlı idmançı Rusiyanın paytaxtı Moskvada təşkil olunan “AMC Fight Night100” döyüş gecəsində Rusiya təmsilçisi, sərbəst güləş üzrə yeniyetmələr arasında Avropa çempionu Şamil Amirovla üz-üzə gəlib.

İlk iki raundda Amirov azərbaycanlı döyüşçüyə müqavimət göstərsə də, üçüncü raundda zərbələr qarşısında duruş gətirə bilməyib. O, döyüşü davam etdirmək istəməyib. Beləliklə, “Çingizxan” ləqəbli Abbasov görüşü texniki nokautla başa vurub.

Şamil Amirov döyüşdən qaçmasını xeyli çəki salması ilə izah edib. O, bu döyüşə razılıq verdiyi üçün anasından üzr də istəyib.

Bununla da yüngül çəki dərəcəsində (70,3 kq) çempion kəmərinin sahibi olan Azərbaycan təmsilçisi titulunu qoruyub. “Lujniki”dəki görüş Abbasovun 29-cu sınağı olub. O, ümumilikdə 26-cı və ardıcıl 11-ci qələbəsini qazanıb.

Qeyd edək ki, əslində bu görüş aprelin 10-da gerçəkləşməli idi. Lakin həmin vaxt döyüş gecəsi çoxsaylı MMA azarkeşlərinin pandemiya şərtlərini pozaraq zalı tam doldurmaları səbəbindən təxirə salınmışdı.

Xatırladaq ki, Nəriman Abbasov daha əvvəl 2020-ci ilin 25 sentyabrında Rusiyanın daha bir təmsilçisi Mixail Qoqitidze üzərində qələbə qazanmışdı. Həmin döyüşdə kəmərini müdafiə etməyi bacarmış Nəriman Abbasov ardıcıl 11-ci görüşündə qalib gəlir.

Xəbəri sosial şəbəkələrdə paylaş: