Nəriman Abdullayev: “DÇ-də bir neçə döyüşdə problemlə üzləşdik”

Boks üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Nəriman Abdullayev yığmamızın dünya çempionatındakı çıxışını şərh edib. Arena.az xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə baş tutan kişi boksçular arasında dünya çempionatında ölkəmizi uğurla təmsil etmiş Azərbaycan yığması vətənə qayıdıb.

Nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Boks Federasiyasının kollektivi, Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Milli komandanın böyük məşqçisi Nəriman Abdullayev Hava Limanında jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, mundialda bəzi ölkələrin idmançıları çıxış etməsə də, yarış çox çətin keçib:

“Güclü boksçular mübarizə aparırdılar. Özbəkistan, Qazaxıstan və Kuba komandaları çox yaxşı çıxış etdilər. Əgər digər ölkələr olsaydı belə, bu yığmalar yenə sözünü deyəcəkdilər.

Millimizə gəlincə, bir neçə döyüşdə problemlə üzləşdik, hakimlərin səhvi oldu. Qızıl medal qazana bilmədik. Şanslarımız böyük idi. Hakimlər arasında o qədər dəyişikliklər olur, yeniliklər edilir ki… Bəzi döyüşlərdə üstünlük olurdu, lakin əlavə referilər nəticəni dəyişə bilirdilər. Məsələn, bu hal Nicat Hüseynovun görüşündə yaşandı. Hesab boksçumuzun xeyrinə idi, lakin əlavə hakimlər üstünlüyü rəqibə verdilər.

Qarşıda bizi Avropa Oyunları gözləyir. Vaxt da çox az qalıb. Ümid edirəm ki, Avropa Oyunlarında komandamız daha uğurlu çıxış edəcək”.

Xatırladaq ki, 538 boksçunun iştirakı ilə keçirilən dünya çempionatında millimizin üzvlərindən Alfonso Dominqes (86 kq) gümüş medalla kifayətlənib. Məhəmməd Abdullayev (+92 kq) isə bürünc medal qazanıb. Yığmamız 107 ölkə arasında 7-ci yerə şərik olub.