Azərbaycan millisinin və “Qarabağ”ın cinah hücumçusu Nəriman Axundzadə bundan sonra Amerika Birləşmiş Ştatlarında (ABŞ) çıxış edəcək.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Klubun yaydığı açıqlamada bunlar qeyd edilib: “Futbolçumuz Nəriman Axundzadə ilə bağlı klubumuzun MLS (ABŞ) təmsilçisi “Kolumbus Kru” (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatıb və tərəflər arasında razılıq əldə olunub. Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib. Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq”.
Xatırladaq ki, “Qarabağ”ın öz yetirməsi hesab olunan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edir. Sağ cinah vingeri indiyə qədər “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.
Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Sonda onu da qeyd edək ki, “Qarabağ”la 2028-ci ilin 30 iyununadək müqaviləsi olan Nərimanın keçidi üçün ABŞ klubunun Azərbaycan çempionuna 2,5 milyon avro ödəməsi gözlənilir.


