Naço Fernandes “Barselona”ya qarşı oynaya biləcək

“Real”ın kapitanı, mərkəz müdafiəçisi Naço Fernandes La Liqanın 11-ci turu çərçivəsində “Barselona”ya qarşı oyunda meydana çıxa bilər.

Arena.az məlumat verir ki, “Real”ın apellyasiya komitəsinə ünvanladığı şikayət təmin edilib.

Xatırladaq ki, Naço “Real”ın İspaniya La Liqasının 8-ci turu çərçivəsində “Jirona” ilə oyununda (3:0) gərəksiz kobud fəndinə görə qırmızı vərəqə alaraq meydandan qovulmuş və 3 oyunluq cəzalandırılmışdı.

Apellyasiya komitəsi “Real”ın şikayətini baxdıqdan sonra Naçonun cəzasını iki oyunla müəyyənləşdirmək qərarını verib. Odur ki, Naço oktyabrın 7-də keçirilmiş oyunda (4:0) iştirak etməyib və “Sevilya” ilə oktyabrın 21-də keçiriləcək oyunu da tamaşaçı qismində izləyəcək. “Kral klubu“nun kapitanı “Barselona” ilə oktyabrın 28-də baş tutacaq prinsipial oyunda isə meydana çıxa biləcək.

Naço “Real”ın yetirməsidir və 2006/2007 mövsümündən “qaymaqlılar”ın heyətində çıxış edir. Cari mövsümdə veteran futbolçuya kapitan sarğısı həvalə edilib. Müdafiəçinin “Real”la müaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Naço bu müddətdə “Real”la bütün mümkün ali klub turnirlərində qələbə qazanıb. Futbolçunun muzeyində “Kral klubu” ilə qazandığı 23 qənimət var.

Cari mövsümdə Naço “Real”ın heyətində 8 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Naço Fernandes 2013-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 24 oyuna 1 qol vurub. Müdafiəçi İspaniyanın U-17, U-19 yığmaları ilə Avropa çempionluğunu, əsas yığma ilə isə 2023 UEFA Millətlər Liqasını qazanıb.

“Transfermarkt” internet-portalı 33 yaşlı Naço Fernandesi 5 milyon avro məbləğində qiymətləndirir.