İspaniya La Liqasında mübarizə aparan “Osasuna” klubu iki futbolçusu – Naço Vidal və Xavi Martineslə yollarını ayırıb.
Arena.az xəbər verir ki, onların hər ikisi elita təmsilçisindən azad agent kimi ayrılıb.
Vidal “Real Ovyedo”ya, Martines isə “Eybar”a keçib. Hər iki futbolçu yeni klubları ilə müddəti 2027-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalayıb.
Naço Vidal “Herkules” və “Valensiya” klublarının yetirməsidir. Sağ cinah müdafiəçisi 2018-ci ildən “Osasuna”nın uğurları üçün çalışırdı. 30 yaşlı futbolçu bu klubun forması ilə meydana çıxdığı 184 oyunda 3 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. Naço bir müddət icarə əsasında “Malyorka”da da çıxış edib. O, İspaniyanın U-17 və U-18 yığmalarının da şərəfini qoruyub.
Hücumameyilli yarımmüdafiəçi olan Xavi Martines isə “Osasuna”nın öz yetirməsidir. O, əvvəlki mövsümlərdə “Albasete” və “Hueska” kimi klublarda icarədə də olub. Xavi “Osasuna”nın əsas komandasında 51 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub. 25 yaşlı futbolçu vaxtilə İspaniyanın U-19 millisinin də formasını geyinib.