Nagelsman Niderlandla heç-heçəni şərh etdi

Futbol üzrə Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman UEFA Millətlər Liqasında Niderland yığması ilə oyunu şərh edib.

Arena.az xatırladır ki, bundestim yarışın A Liqasının 3-cü qrupunun 2-ci turu çərçivəsində baş tutan səfər oyununda “zanbaqlar”la heç-heçə oynayıb – 2:2.

“Bu, hər iki tərəfdən maraqlı, həyəcanlı, açıq oyun oldu. Qol buraxdıqdan sonra buna yaxşı cavab verdik, ikinci hissənin əvvəlində isə hesabda önə keçməyə layiq idik. Təəssüf ki, hesabı bərabərləşdirdikdən sonra buna ehtiyac olmasa da, cərimə meydançasında həddindən artıq aqressiv müdafiə olunmağa başladıq.

Biz başa düşürük ki, Dünya Kuboku ərəfəsində hər bir oyun vacibdir, istər Millətlər Liqasının oyunları, istərsə də seçmə mərhələ oyunları. Komandamız özünə inanır, azarkeşlər isə görürlər ki, oyunçular can qoyurlar”, deyə Nagelsman matçdan sonrakı mətbuat konfransında bildirib.

2 turdan sonra Almaniya yığması A Liqasının 3-cü qrupunda 4 xalla 1-ci pillədə qərarlaşıb. Eyni miqdarda xal toplamış Niderland yığması bundestimdən top fərqində geri qalaraq, 2-ci pillədə yer alıb. Hər biri 1 xalla Bosniya və Herseqovina və Macarıstan yığmaları isə müvafiq olaraq 3-cü və 4-cü yerdə qərarlaşıblar.