Bir dəstə naməlum şəxs Serbiya çempionatının “Srvena Zvezda” ilə 9-cu tur oyunu ərəfəsində “Partizan”ın futbol meydanını yandırıb.
Arena.az bu barədə “Vreme” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, hadisə sentyabrın 22-nə keçən gecə baş verib. Naməlum şəxslər stadiona daxil olub və yanar mayedən istifadə edərək meydana od vurublar. Daha sonra xuliqanlar şüşə qırıqlarını meydana səpələyiblər.
Klub nümayəndələri bütün gərəkli məlumatları hüquq-mühafizə orqanlarına ötürüblər. Hazırda meydanın ot örtüyünün bərpası istiqamətində işlər aparılır. Yuqoslaviya futbolunun nəhəngləri, paytaxt Belqradın təmsilçiləri – “Partizan” və “Srvena Zvezda” arasında oyunun bu gün, sentyabrın 23-də keçirilməsi nəzərdə tutulub. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başlatmalıdır.
Serbiya çempionatının 7 turundan sonra “Srvena Zvezda” 19 xalla yarış cədvəlinə başçılıq edir. “Partizan” isə 11 xalla 7-ci pillərdə qərarlaşb.