Namiq Ələsgərov “Bursaspor”da!

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Namiq Ələsgərov karyerasını Türkiyədə davam etdirəcək. Arena.az xəbər verir ki, “Neftçi” ilə yollarını ayıran futbolçumuz qardaş ölkənin “Bursaspor” klubuna keçib.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. TFF 1-ci liqa təmsilçisi Namiqlə imzalanan müqavilənin detallarını açıqlamayıb. Türkiyə mətbuatı isə “Bursaspor”un futbolçumuzun keçidinə görə “Neftçi”yə 50 min avro təzminat ödədiyini yazıb. Çünki Ələsgərovun paytaxt klubu ilə müqaviləsinin müddəti 2022-ci ilin yayında bitəcəkdi.

Qeyd edək ki, Namiq Ələsgərov 2017-ci ildən “Neftçi”də çıxış edirdi. O, 2020/21 mövsümündə “ağ-qaralar”ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.

Keçmiş “Bakı” klubunun yetirməsi olan Namiq, sonralar “Qarabağ” və “Kəpəz”də də çıxış edib.