Futbol üzrə Türkiyə 1-ci liqasında 37-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələsgərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Bandırmaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4.
Namiq də bu görüşün iştirakçısı olub. Matça start heyətdə başlayan Ələsgərov 63-cü dəqiqədə əvəzlənib.
Bu gün digər azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası “Keçiörengücü” də səfərdə “Ərzurumspor” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
“Bursaspor” 37 turdan sonra 41 xalla 19 kollektiv arasında 16-cı pillədə qalıb. Bu nəticədən sonra komandanın TFF 1-ci liqanı tərk etməsi dəqiqləşib. Sona bir tur qalmış 14 və 15-ci pillələrdə yer alan “Adanaspor”la “Altınordu”nun 45 xalı var ki, Bursa təmsilçisinin onları qabaqlaması mümkün deyil.
Yeri gəlmişkən, “Bursaspor”dan öncə “Kocaelispor”, “Mənəmənspor” və “Balıkəsirspor”un da aşağı liqaya düşməsi rəsmiləşmişdi. “Keçiörengücü” isə 48 xalla 10-cudur.