Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Namiq Ələsgərov DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya yığmasına qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, “Neftçi”nin futbolçusu AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Portuqaliya futbol ölkəsidir. Heyətində top klubların formasını geyinən ulduz futbolçular var. Onlara qarşı oynamaq tək bizim üçün yox, bir çox komandalar üçün çətindir. Təqvimdən şikayətlənməyə əsasımız yoxdur. İstənilən halda, qrupumuzda yer alan bütün komandalara qarşı oynayacağıq. Bizi çox çətin oyun gözləyir.
Komanda bir neçə gündür birlikdə hazırlıq keçir. Əlimizdən gələni edəcəyik ki, yaxşı mübarizə aparaq. Bizə dəstək olan, güvənən insanlar inansın ki, komanda olaraq yaxşı nəticə qazanmaq üçün var gücümüzü ortaya qoyacağıq”.