“Napoli” Luis Enrikeyə vəd verdi

“Barselona”nın və İspaniya yığmasının sabiq baş məşqçisi Luis Enrike İtaliyanın “Napoli” komandasının sükanı arxasına keçməyə razıdır.

Arena.az xəbər verir ki, ispaniyalı mütəxəssis A Seriyası təmsilçisini müəyyən şərtlər müqabilində qəbul edəcəyini bildirib.

“Footmercato”nun yazdığına görə, 53 yaşlı mütəxəssis ilk növbədə mövsümünə 8 milyon avro tələb edir. Həmçinin klubun prezidenti Aurelio de Laurentis Enrikeyə “Vilyarreal”ın müdafiəçisi Pau Torresi əldə etməyə söz verib. Bu transfer cənubikoreyalı müdafiəçi Kim Min Ceni əvəzləməyə hesablanıb. Bununla yanaşı, Luis Enrike hücumçular Viktor Osimhen və Xviça Kvaratsxeliyanın növbəti mövsümdə komandada qalması barədə əmin edilib.

Xatırladaq ki, bir müddət əvvəl “Napoli”yə son 33 ildə ilk titulu – İtaliya çempionluğunu qazandırmış baş məşqçi Luçano Spallettinin mövsüm bitən kimi klubla yollarını ayıracağı məlum olmuşdu. Spalletti bunu karyerasında bir illik yaradıcı fasilə götürmək istəyi ilə əlaqələndirmişdi.

L.Enrike daha öncə İtaliyada “Roma”ya da rəhbərlik edib. Amma onun 2011-2012-ci illər ərzində paytaxt klubundakı fəaliyyətini o qədər də uğurlu saymaq olmaz. İspan mütəxəssis ölkəsinin millisinə, “Barselona” və “Selta”ya da baş məşqçi təyin olunub.