İtaliya çempionu “Napoli” geridə qalan mövsümün əvvəlində “Verona”dan icarəyə götürdüyü Covanni Simeone ilə bağlı qərarını açıqlayıb.
Arena.az xəbər verir ki, Neapol təmsilçisi argentinalı hücumçunu heyətində saxlamağa qərar verib.
A Seriyasının qalibi bunun üçün “Verona”ya 12 milyon avro ödəyib. 27 yaşlı forvardla da 3+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, neapollular Covannini 2022-ci ilin avqust ayında satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürmüşdülər. İcarə haqqı olaraq “Verona”ya 3.5 milyon avro ödənilmişdi.
Argentinalı qoleador geridə qalan mövsümdə bu komandanın heyətində 33 oyuna çıxıb. O, bu oyunlarda 9 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Simeone “Napoli” ilə İtaliya çempionluğunu qazanıb.
Covanni Simeone “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğludur. “River Pleyt”in yetirməsi olan hücumçu bu klubda olarkən 2015/16 mövsümündə “Banfild”ə icarəyə verilib. Argentinalı hücumçu 2016-cı ildə İtaliyanın “Cenoa” klubuna transfer olunub. Bu komandada cəmi bir mövsüm çıxış etdikdən sonra futbolçu “Fiorentina”ya üz tutub. 2019/20 mövsümündə “Kalyari”də icarədə olan futbolçu 2020-ci ildə birdəfəlik sözügedən kluba keçib. Bir il sonra isə o, “Verona”ya üz tutmuşdu.
Argentina yığmasında 5 matç keçirmiş futbolçu, cəmi 1 qol vurub.


