“Napoli” rəhbərliyi qapalı iclas keçirdi – Qarsiya üçün son şans

“Napoli” rəhbərliyi komandanın A Seriyasının 8-ci turunda “Fiorentina”ya məğlubiyyətindən (1:3) sonra qapalı iclas keçirib.

Arena.az “Sky Sport Italia”ya istinadən məlumat verir ki, oktyabrın 9-da prezident Aurelio De Laurentis və digər klub rəhbərlərinin, həmçinin komandanın fransız baş məşqçisi Rudi Qarsiyanın iştirakı ilə görüş baş tutub.

İclasın gündəliyində duran əsas məsələ, cari çempionun uğursuz çıxışına səbəb olan fəsadların çözülməsi olub. Vurğulanır ki, uğursuzluğun davam edəcəyi halda, “Napoli”nin baş məşqçisi Rudi Qarsiya tezliklə vəzifəsindən azad edilə bilər. 59 yaşlı fransız mütəxəssisin gələcəyi ilə bağlı müvafiq qərar yaxın vaxtlarda veriləcək. Hələlik isə fransız mütəxəssisə vəziyyəti tarazlamaq üçün vaxt verilib.

De Laurentis iclasda əsas məsələnin təffərrütı haqda danışıb. O, komandanın zəif çıxışı ilə yanaşı, inamın itirilməsi, əvəzetmələrin edilməsi və oyunçularla məşqçi arasında təəssübkeşliyin olmaması, bəzi oyunçuların isə bu səbəbdən qeyri-mütəşəkkil münasibətə yol verməsini əsas gətirib.

Qarsiya 3 oyunluq möhlət alıb. Klub prezidenti vəziyyəti tarazlamaq üçün Qarsiyaya məhz bu zaman kəsiyində özünü doğrultmağa imkan yaradıb. Komandanın A Seriyasında “Verona” (21 Oktyabr), “Milan” (29 Oktyabr) və Çempionlar Liqasında “Union Berlin”ə (24 Oktyabr) qarşı keçirəcəyi oyunlar baş məşqçinin taleyini həll edəcək.

Bu arada “Sky Sports” Qarsiyanın yerinə ən gerçək namizədin adını açıqlayıb. Bu, “Tottenhem”dən qovulduqdan sonra işsiz qalmış italyan mütəxəssis Antonio Kontedir. Kontenin təyinatı üçün Neapol klubunun hətta böyük maliyyə itkilərinə də razılaşa biləcəyi vurğulanır. Baş məşqçi seçimində ehtiyat tədbiri kimi Marsel “Olimpik”ini tərk etmiş xorvat mütəxəssis İqor Tudorun da adı çəkilir.

Xatırladaq ki, Qarsiya “Napoli”ni cari ilin iyunundan çalışdırır. O, “eşşəkciklər”ə son 33 ildə ilk dəfə İtaliya çempionluğunu qazandırmış Luçano Spallettinin uğurlu yolunu davam etdirmək üçün böyük ümidlərlə dəvət edilmişdi.

Oktyabrın 8-də doğma meydanda “Fiorentina”ya məğlub olmuş “Napoli”i 8 turdan sonra 14 xal toplayıb və hazırda A Seriyasının lideri Milanda 7 xal geri qalır. Neapol təmsilçisi 4 oyunda qələbə qazanıb, 2 dəfə heç-heçə edib və 2 oyunda məğlubiyyət acısı yaşayıb, top fərqi isə 17:9 nisbətindədir.