“Napoli”nin prezidenti: “Bu qədər oyun üçün iki məşqçi gərəkdir”

“Napoli”nin prezidenti Aurelio De Laurentis bir mövsümdə oyunların çoxluğuna və təqvimə görə futbolun hazırkı strukturunu tənqid edib.

Arena.az jurnalist Nikolo Skiraya istinadən, De Laurentisin bu barədə fikirlərini təqdim edir:

“Bir məqamı deyim: gələcəkdə mənə iki məşqçi lazım ola bilər. Biri məni ölkə çempionu etməyə, ölkə kuboklarını qazanmağa çalışacaq, digəri isə Super Liqa Kuboku uğrunda mübarizə aparacaq.

Sizcə, klublararası dünya çempionatının bütün bu oyunları, ölkə çempionatlarında oyunların sayının artması ilə, həqiqətənmi, mövsümöncəsi təlim-məşq toplanışlarını təşkil etməyə vaxtımız olacaq? Həqiqət budur ki, bu qədər oyunun öhdəsindən gəlmək yalnız eyni səviyyəli 40 oyunçusu olan klublar üçün mümkün olacaq”, deyə “Napoli”nin prezidenti bildirib.

Vurğulayaq ki, oyunların çoxluğu, bundan qaynaqlanan təqvim sıxlığı oyunçuların və məşqçilərin baş bəlasıdır. Müvafiq hallar oyunçuların zədə pandemiyasına düçar edir. Üstəlik, bir çox mütəxəssislər vurğulayırlar ki, kommersiya maraqları güdən yersiz yarışlar və oyunlar futbolu futbolluqdan çıxararaq, pul qazanmaq üçün alətə çevirir.