İtaliya çempionu “Napoli”nin prezidenti Aurelio De Laurentis Neapol klubunun son uğursuz nəticələrindən danışıb.
Arena.az jurnalist Fabrisio Romanoya istinadən məlumat verir ki, De Laurentis komandanın hazırkı baş məşqçisi, fransız mütəxəssis Rudi Qarsiya ilə bağlı fikirlərini də bölüşüb:
“Bu, Rudi Qarcia üçün ən yaxşı məqam deyil. Siz İtaliya futbolunu o qədər də yaxşı bilməyən məşqçi seçmək qərarına gələndə, bu, baş verir. Mən ən yaxşı qərarı bunun üçün uyğun məqamda verəcəyəm. Azarkeşlər mənə təsir etməyə qabil deyillər”, deyə “Napoli”nin prezidenti klubda yeganə söz sahibi olduğunu başa düşməyə əsas verib.
Xatırladaq ki, oktyabrın 9-da “Napoli”nin idarə heyəti və Rudi Qarsiyanın iştirakı ilə iclas keçirilib, orada komandadakı mövcud vəziyyətin müzakirə edillib. Rudi Qarsiyaya “Napoli”nin çıxışını tarazlamaq üçün üç oyunluq möhlət verilib. Eyni zamanda, yaxın vaxtlarda klub rəhbərliyinin 59 yaşlı fransız mütəxəssisin gələcək taleyi ilə bağlı qərar verəcəyi vurğulanıb.
Xatırladaq ki, Qarsiya “Napoli”ni cari ilin iyunundan çalışdırır. O, “eşşəkciklər”ə son 33 ildə ilk dəfə İtaliya çempionluğunu qazandırmış Luçano Spallettinin uğurlu yolunu davam etdirmək üçün böyük ümidlərlə dəvət edilmişdi.
Oktyabrın 8-də doğma meydanda “Fiorentina”ya məğlub olmuş (1:3) “Napoli”i 8 turdan sonra 14 xal toplayıb və hazırda A Seriyasının lideri Milanda 7 xal geri qalır. Neapol təmsilçisi 4 oyunda qələbə qazanıb, 2 dəfə heç-heçə edib və 2 oyunda məğlubiyyət acısı yaşayıb, top fərqi isə 17:9 nisbətindədir.
Cari çempionun evdə prinsipial rəqibə məğlubiyyəti “Napoli” rəhbərliyinin səbr kasasını doldurub. Daha bir dəfə büdrəməsi ilə Rudi Qarsiyanın qapı arxasında qalacağı vurğulanır.