Nasser Əl-Xelaifi: “Məhəmməd Salahı sevirəm, amma…”

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Paris klubunun Məhəmməd Salaha marağı haqda xəbərlər mənzərəsində misirli futbolçu haqda danışıb.

Arena.az jurnalist Ben Ceykobsa istinadən, qətərli iş adamının bu barədə fikrini təqdim edir:

“Mən Salahı həm də ona görə sevirəm ki, o, dünyanın bizə aid bölgəsindəndir (yəni, Ərəb dünyasındandır – redaktorun qeydi). Düzünü desəm, “Liverpul” ilə Premyer Liqada etdiyi işlərə görə onunla çox fəxr edirəm. Ona və “Liverpul”a böyük hörmətim var. Bu səbəbdən də onunla heç vaxt danışmamışıq”, deyə Nasser Əl-Xelaifi vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl mətbuatda, PSJ-nin Salaha ildə təxminən 40 milyon avro məbləğində maaş ödəməyə hazır olduğu barədə məlumat yayılmışdı. Bu məbləğ, eləcə də əlavə üstəliklər sayəsində misirli futbolçunun dünyanın ən ödənişli futbolçularından biri, Avropanın isə ən ödənişli futbolçusu ola biləcəyi vurğulanırdı.

Məhəmməd Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkmişdi.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 21 oyuna 15 qol vurub, 12 məhsuldar ötürmə verib.

Misirli hücumçunun “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 370 oyun, 226 qol, 101 məhsuldar ötürmə.

Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub. O, “Liverpul” və “Roma”dan başqa, “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub, 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.