Azərbaycan Basketbol Liqasının 2024/2025-ci illər mövsümünə hazırlaşan “Naxçıvan” heyətini yeni oyunçularla gücləndirib.
Arena.az bu barədə bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, Naxçıvanın eyniadlı təmsilçisi iki amerikalı basketbolçunu heyətinə qatıb. Bunlardan biri Cermeyn Marrou, digəri isə Deşan Veyddir. Onların hər ikisi ilə 1 illik müqavilə imzalanıb.
27 yaşlı Marrou son olaraq Slovakiyada “BMK Handlova”nın formasını geyinib. Veyd isə son mövsümü Gürcüstan A Liqasında keçirib. 25 yaşlı basketbolçu “Burji” komandasının şərəfini qoruyub. Deşan çıxış etdiyi 14 oyunda orta hesabla 32,7 dəqiqə meydanda olub və 18,1 xal toplayıb.
Naxçıvan klubu daha əvvəl Tremer Braun, Luka Petrovski, Nəzər Quliyev, Ehsan Şabani, Devon Cenkins, Ahmet Karaçelik, Papuna Kirtadze və Dmitri Juravlyovla da müqavilə bağlamışdı.
“Ordu”da bir amerikalı, iki yerli basketbolçu
Azərbaycan Basketbol Liqasının debütantı “Ordu” da heyətini yeni oyunçularla gücləndirib. Sözügedən klub da amerikalı basketbolçu Renni Qrifinlə anlaşıb. Onunla 1 illik müqavilə imzalanıb. Qrifin 2023/2024 mövsümündə ölkəmizdə NTD-nin formasını geyinib.
Əlibəy Məmmədli də növbəti mövsümü “Ordu”da keçirəcək. Sonuncu klubu “Gəncə” olan gənc basketbolçu Azərbaycanın U-20 yığmasının da formasını geyinir. Boyu 190 sm olan oyunçu ilə 1 illik müqavilə bağlanılıb.
Debütant Səid İsmayılovla da anlaşıb. Son mövsümü “Naxçıvan”da (ötən ilki “Xəzri”) keçirmiş İsmayılov Azərbaycanın U-20 millisinin kapitanıdır. Onunla 1 illik müqavilə imzalanıb.
“Sumqayıt”la “Lənkəran” da amerikalı basketbolçularla gücləndilər
Liqanın digər təmsilçisi “Sumqayıt” da heyətini yeni oyunçu ilə gücləndirib. Ötən mövsüm ABŞ-ın “North American University” kollektivində çıxış etmiş 197 sm boya malik Ceylon Klarkla 1 illik müqavilə imzalanıb. O həm hücumameyilli müdafiəçi, həm də forvard mövqeyində çıxış edə bilir.
“Lənkəran” da heyətinə 6-cı amerikalını cəlb edib. Sözügedən klub bu dəfə Andre Bolla güclənib. 24 yaşlı Boll 203 sm boya malikdir. O, hücum mövqeyində çıxış edir. Andre “Lənkəran”a qədər ölkəsində “Cal State Dominguez Hills” və “Pepperdine University” klublarının şərəfini qoruyub. Onunla müqavilənin müddəti 1 ili əhatə edir.
Qeyd edək ki, bu “Lənkəran”nın sayca 6-cı amerikalı basketbolçusu olub. Komanda buna qədər Filmon Gebriyhit, Emanuel Littls, Maykl Rocers, Qregori Milton və Ceremi Berraytı heyətinə qatmışdı.
“Sabah” “Ordu”ya qalib gəldi
Yeri gəlmişkən, Liqa təmsilçiləri yeni mövsüm ərəfəsində yoxlama oyunlarında da güclərini sınayırlar. Son çempion “Sabah” bu gün debütant “Ordu” ilə üzüzə gəlib. Paytaxt klubu bu oyundan 93:77 hesablı qələbə ilə ayrılıb.