Nazilə İsmayılova Afrika çempionu oldu

Ağır atletika üzrə Azərbaycan milli komandasının üzvü Nazilə İsmayılova Tunisdə keçirilən Afrika çempionatında qızıl medal qazanıb. Arena.az xəbər verir ki, mayın 11-də start götürmüş sayca 33-cü Afrika çempionatı ayın 18-nə qədər davam edəcək.

Tunisin paytaxtı Tunis şəhərində keçirilən qitə çempionatında Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər. Bu gün onlardan ilk olaraq Nazilə İsmayılova körpücük üzərinə çıxıb. O, 45 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz uğurlu çıxışla yadda qalıb.

Nazilə birdən qaldırma hərəkətində 60, təkanla qaldırma hərəkətində 72 kq çəkini ram edib. Beləcə, o, toplam 132 kq (60+72) nəticə göstərib. Bu nəticə ilə o, bu çəki dərəcəsində həm birdən, həm təkanla qaldırma hərəkətləri, həm də toplamda qalib olub.

Xatırladaq ki, Azərbaycan yığma komandasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası da bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq. Onların əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaq.

Azərbaycan yığma komandası Afrika çempionatına üç idmançı ilə yollanıb. Nazilə İsmayılovadan başqa bu çempionatda İsa Rüstəmov (67 kq) və Ömər Cavadov (73 kq) da qüvvəsini sınayacaq.