Azərbaycan atleti Nazim Babayev Türkiyənin İstanbul şəhərində keçirilən atletika üzrə qış Avropa çempionatında 5-ci yerlə kifayətlənib. Arena.az xəbər verir ki, idmançımız üçtəkanla tullanma növündə final mərhələsinə qatılıb.
O, həlledici raundda 16.50 metrlik nəticəyə imza atıb. Bu, idmançımızın mövsümdəki ən yaxşı nəticəsi olsa da, medal qazanması üçün yetərli olmayıb. Azərbaycanlı atlet yekun sıralamada 5-ci yeri tutub.
Xatırladaq ki, Nazim Babayev təsnifat mərhələsində 16.45 metr nəticə ilə 4-cü yeri tutaraq final mərhələsinə vəsiqə qazanmışdı.
Azərbaycanı qitə çempionatında Nazim Babayevlə yanaşı, Yekaterina Sarıyeva da təmsil edib. O, üçtəkanla tullanma növü üzrə 13.55 metr nəticə göstərib. Sarıyeva bu nəticə ilə qadınlar arasında Azərbaycan rekordunu yeniləyib. Lakin bu, Yekaterinanın növbəti – final mərhələsinə vəsiqə qazanması üçün yetərli olmayıb. Beləcə, Nazimdən fərqli, digər idmançımız Avropa çempionatı ilə təsnifatda vidalaşıb.
Xatırladaq ki, idmançılarımız məşqçilər Ziyad Xəlfəyev və Vidadi Əlisgəndərovun rəhbərliyi altında İstanbula yollanmışdılar.
Martın 2-də start verilmiş atletika üzrə qış Avropa çempionatına sabah yekun vurulacaq.