Ramin Nəsirlinin ardından daha bir azərbaycanlı futbolçu – Nazim Həsənzadə də Latviya çempionatında oynamağa qərar verib. Arena.az xəbər verir ki, 20 yaşlı mərkəz yarımmüdafiəçisi də “Dauqavpils”lə anlaşıb.
Müqavilə ilə “Turan Tovuz”a məxsus olan gənc futbolçu Latviya klubunda mayın 31-nə qədər icarədə oynayacaq. “Qəbələ”nin yetirməsi olan Həsənzadə peşəkar karyerasına “Sabah”da başlayıb. O, 2022-ci ilin iyul ayında məhz paytaxt klubundan “Turan Tovuz”a transfer olunmuşdu.
Xatırladaq ki, daha öncə “Neftçi”nin yarımmüdafiəçisi Ramin Nəsirli “Dauqavpils”lə bu ilin sonunadək müqavilə bağlamışdı. 20 yaşlı futbolçu da Latviya komandasında icarə əsasında forma geyinəcək.
Xatırladaq ki, Latviya çempionatında yeni mövsümə ötən gün – martın 11-də start verilib. “Dauqavpils” isə yeni mövsümdəki ilk matçına bu gün çıxacaq. Nazim Həsənzadə ilə Ramin Nəsirlinin komandası ilk matçında “Tukums 2000” kollektivinin qonağı olacaq. Artıq komandanın bu oyun üçün start heyəti də məlum olub. Azərbaycanlı futbolçuların hər ikisi start heyətdə yer alıblar. Qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.


