Xeyli müddət idi Rusiyanın “Ximki” klubunun əvəzedici komandasının baş məşqçisi olan Nazim Süleymanov yenidən Azərbaycana qayıdıb.
Arena.az saytının əldə etdiyi məlumata görə, 58 yaşlı mütəxəssis “İrəvan” komandasının baş məşqçisi təyin olunub.
Qarşıdakı mövsümdə Birinci Liqada mübarizə aparacaq sözügedən klubun bu təyinatı ən qısa zamanda rəsmən açıqlaması gözlənilir.
“İrəvan” Nazim Süleymanovu baş məşqçi postuna gətirmək üçün Elbrus Məmmədovla vidalaşıb.
Xatırladaq ki, “İrəvan” ötən mövsüm Region Liqasında çıxış edib. Lakin AFFA İcraiyyə Komitəsinin qərarı ilə bu komanda 2023/2024 mövsümündə Birinci Liqada mübarizə aparacaq.
Nazim Süleymanov 2022-ci ilin sentyabr ayından “Ximki”də çalışırdı. O, Rusiya klubuna gedənə qədər Azərbaycan millisində köməkçi kimi çalışıb, U-19 yığmamıza rəhbərlik edib. Süleymanov “Sumqayıt”, “Neftçi” və AZAL-da da baş məşqçi olub.