Nazir Vinisius Juniorun irqçiliklə bağlı ittihamlarını cavabladı

İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska “Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Juniorun ittihamlarını cavablayıb.

Arena.az xatırladır ki, bir müddət əvvəl, Vinisius İspaniyada irqçiliklə bağlı vəziyyətin dəyişməyəcəyi halda, İspaniyanın 2030-cu il dünya çempionatına ev sahibliyindən məhrum edilməsi haqda təkliflə çıxış etmişdi.

“Müxtəlifliyə hörmət etmək bizim DNT-mizin bir hissəsidir. Biz istənilən ayrı-seçkiliyə qarşı səmərəli və birbaşa mübarizə aparırıq. Bu, İspaniya hökumətinin və Daxili İşlər Nazirliyinin üstünlük verdiyi məqamlardan biridir”, – Fransanın “RMC Sport” internet-nəşri Fernando Qrande-Marlaskadan sitat gətirir.

Xatırladaq ki, 2030-cu ildə dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Həmçinin, Uruqvay, Argentina və Paraqvayın hər birində yarışın bir açılış oyunun keçirilməsi planlaşdırılır.