Xorvatiya milli komandasının və “Riyeka”nın qapıçısı Nedilko Labroviç bundan sonra “Auqsburq”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
24 yaşlı futbolçunun transferi Bundesliqa təmsilçisinə 2,5 milyon avroya başa gəlib. Xorvat qolkiper yeni klubu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqaviləyə imza atıb.
2021-ci ilin iyul ayından “Riyeka”da çıxış edən Nedilko Labroviç bu klubun heyətində bütövlükdə 109 oyuna çıxıb. O, bu oyunlarda 120 qol buraxıb, 40 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.
Labroviç geridə qalmış mövsümdə 41 oyuna 35 qol buraxıb, 20 matçdan “quru” çıxıb.
Xorvatiyanın U-20 yığmasında da oynamış Labroviç bu il ölkəsinin əsas milli komandasında debüt edib. O, hələlik 1 oyun keçirdiyi Xorvatiya yığmasının heyətində Almaniyada keçirilən Avropa çempionatına da yollanıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı qapıçının transfer dəyərini 4,5 milyon avro məbləğində qiymətləndirir.