“Neftçi” uzun müddətdir maraqlandığı və heyətinə qatmaq istədiyi Ayaz Quliyev ilə bağlı planlarında dəyişiklik edib. Arena.az xəbər verir ki, paytaxt klubu əslən Azərbaycandan olan rusiyalı futbolçunun transferindən vaz keçib.
Əldə etdiyimiz məlumata görə, buna “ağ-qaralar”ın Ayazın şəxsi keyfiyyətlərindən narazı qalması səbəb olub. Məsələ burasındadır ki, Quliyev çox aqressiv futbolçudur və olduğu komandalarda adətən daxili ab-havanı pozan biri kimi tanınır.
Rusiyalı məşhur döyüşçü Həbib Nurməhəmmədovun qatı azarkeşlərindən olan Quliyevlə bağlı ən səs-küylü qalmaqallardan biri 2019-cu ildə, o, hələ Moskva “Spartak”ında çıxış edərkən yaşanıb. Belə ki, futbolçu aprelin 11-də Moskvada “Mersedes” markalı avtomobil ilə yolu keçərkən işıqforda sürücülər üçün qırmızı siqnal görünsə də, dayanmayıb. Nəticədə Ayaz küçədən keçən piyadalardan bir neçəsinə təhlükəli anlar yaşadıb. Onların arasında ABŞ vətəndaşı olan bir piyada – Maykl Kou Con Eli isə futbolçu ilə mübahisə edib. Mübahisə zamanı Quliyev əvvəlcə onun üzünə vurub, daha sonra isə yumruqlayıb. Sonda futbolçu polis tərəfindən saxlanılıb, orada üzr istəyib, amerikalı isə Quliyevə qarşı heç bir iddiasının olmadığı barədə ərizə yazıb. “Spartak” rəhbərliyi zorakılığın istənilən təzahürünü pislədiyini və futbolçusunun davranışını yolverilməz hesab etdiyini bildirib. Bununla bağlı klub futbolçuya sərt intizam tənbehləri tətbiq edəcəyinə söz verib. Aprelin 19-da isə məhkəmə futbolçunu 4 ay müddətinə sürücülük vəsiqəsindən məhrum edib.
Ayazla bağlı sonuncu qalmaqal isə hazırda formasını geyindiyi “Ximki”də baş məşqçi Spartak Qoqniyevlə dalaşmasıdır. 26 yaşlı yarımmüdafiəçi bu ilin yanvarında məşq zamanı baş məşqçiyə cavab qaytarıb, hətta onu “söhbət”ə çağırıb. Yalnız klub rəhbərliyinin işə qarışmasından sonra Quliyevlə Qoqniyev arasındakı problem yoluna qoyulub.
Bütün bunların fonunda Ayazla yaxından maraqlanan “Neftçi” onunla bağlı transfer çalışmalarını təxirə salıb. Böyük ehtimalla paytaxt klubunun azarkeşlərinə Quliyevi doğma komandalarında görmək qismət olmayacaq. Azərbaycan yığmasında oynaması gözlənilən yarımmüdafiəçinin gələcəkdə də hansısa qalmaqalları ilə gündəmə gəlməsi isə istisna edilmir.
Xatırladaq ki, Quliyev Moskva “Spartak”ı və “Ximki”dən başqa, “Arsenal” (Tula) və “Rostov”da da forma geyinib. O, Rusiyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.


