Bu gün futbol üzrə Azərbaycan kubokunda 2022/2023 mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə “Neftçi” “Turan Tovuz”u qəbul edib.
Tovuzda baş tutmuş ilk oyunda meydan sahibləri 1:0 hesabıyla qalib gəlmişdilər. Bu üzdən “Turan Tovuz”a finala çıxmaq üçün səfərdə heç-heçə də bəs edirdi. “Neftçi” isə mərhələ adlamaq üçün mütləq inamlı qələbə qazanmalıydı.
Bakılılar görüşün ilk dəqiqələrində rəqib qapısına yol tapsalar da, VAR-ın müdaxiləsindən sonra ofsayd səbəbindən qol hesaba alınmayıb. İlk yarı qolsuz tamamlanıb. Fasilədən sonra “Neftçi”nin daha bir qolu baş hakimin epizoda VAR-da baxmasından sonra ləğv edilib. Bu dəfə qoldan öncə qayda pozuntusu aşkarlanıb.
Buna baxmayaraq, “Neftçi” matça əlavə edilmiş dəqiqələrdə ardıcıl iki dəfə fərqlənməyi bacarıb. Əvvəlcə 90+3-cü dəqiqədə Emin Mahmudov cərimə zərbəsindən gözəl qola imza atıb. Əlavə olunmuş 8-ci dəqiqədə isə Kenni Sayef komandasını finala daşıyan qola imza atıb. Beləcə, “ağ-qaralar” klub tarixində 11-ci dəfə Azərbaycan kubokunda finala yüksəliblər.
“Neftçi”nin finaldakı rəqibi sabah – aprelin 27-də baş tutacaq “Səbail” – “Qəbələ” görüşündə müəyyənləşəcək. Bu komandaların Qəbələdəki ilk duelində meydan sahibləri 3:2 hesablı qələbəyə sevinmişdilər.
Xatırladaq ki, Azərbaycan kubokunun final görüşü iyunun 3-də “Bakcell Arena”da təşkil olunacaq.
Azərbaycan kuboku
Yarımfinalın cavab oyunu
26 aprel
Neftçi – Turan Tovuz 2:0
Qollar: Emin Mahmudov, 90+3. Kenni Sayef, 90+8.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, İnqilab Məmmədov.
Bakı. “Bakcell Arena”. Saat 20:00
İlk oyun – 0:1.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.
Turan Tovuz: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 55. Siyanda Xulu, 30. Piruzi Marakvelidze, 25. Denis Marandiç, 19. Runi Eva, 9. Belaydi Pusi.
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 2. Roderik Miller, 17. Natan Oduva, 24. Divayn Naa, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.


