“Neftçi” azarkeşlərlə bağlı şikayət barədə xəbərləri təkzib etdi

“Neftçi” Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qarabağ”la keçirilən oyundan sonra 4 azarkeşin saxlanılması ilə bağlı bəyanat yayıb.

Arena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar” inzibati binanın ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozan fanatlarla bağlı şikayət edilmədiyini bildirib.

Bəyanatda əlavə olunub ki, həmin şəxslər qanunvericiliyin tələblərinə əsasən məsuliyyətə cəlb ediliblər: “Qarabağ”la matçdan sonra 4 azarkeş məğlubiyyətə etiraz etmək məqsədilə klubun inzibati binasının ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozub. Bildirmək istərdik ki, baş verən hadisə ilə bağlı heç bir şikayət bildirməmişik. Hüquq-mühafizə orqanları qanunvericiliyin tələblərinə əsasən həmin şəxsləri məsuliyyətə cəlb edib”.

Xatırladaq ki, “Qarabağ” əzəli rəqibi ilə səfər oyununda 4:1 hesablı qələbə qazanmışdı.

Yeri gəlmişkən, paytaxt təmsilçisinin “Qarabağ”la oyunda zədələnən kapitanı Emin Mahmudovun durumu müəyyənləşib. Bakı klubunun mətbuat xidmətindən verilən məlumata görə, 31 yaşlı yarımmüdafiəçinin aşağı daban oynağında gərilmə aşkarlanıb.

Komandanın kapitanı bugünkü məşqdə iştirak etməyəcək. Martın 6-da isə yenidən müayinədən keçəcək. Onun zədəsi yalnız müayinənin ardından bilinəcək.

Qeyd edək ki, “Qarabağ”la görüşün 1-ci dəqiqəsində rəqibin yarımmüdafiəçisi Marko Yankoviçin müdaxiləsindən sonra Emin Mahmudov ayağından xəsarət almışdı. Azərbaycan millisinin üzvü görüşün 51-ci dəqiqəsində əvəzlənmişdi.

Azərbaycan Premyer Liqasında 25 turdan sonra 60 xal toplamış “Qarabağ” vahid liderdir. Ağdam klubunun ən yaxın izləyicisi 37 xal toplamış “Səbail”dir. “Neftçi” isə 36-cı pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: